Vergilərin qoyulması və tutulması dövlət və bələdiyyələrin maliyyə fondlarının formalaşması, bölgüsü və istifadəsindən ibarət olan maliyyə fəaliyyətinin əsas tərkib hissəsidir. Ölkənin sosial-iqtisadi inkişafı, təhlükəsizliyi və müdafiə qabiliyyətinin təminatı üçün lazım olan və tələb olunan maliyyə ehtiyatlarının vəziyyəti vergitutmadan birbaşa asılıdır.
Bu yazımızda vergi hesabatlarını tərtib edərkən düşünməli olduğunuz önəmli məqamlar, vergi hesabatlarınının təqdim edilməsi və bu zaman yaranan hüquq pozuntularına görə daşıdığınız məsuliyyətlə bağlı ətraflı məlumat verəcəyik.
Vergi hesabatları necə tərtib olunur?
Vergi hesabatlarının və ya bəyannamələrinin tərtib olunması qaydası Vergi Məcəlləsi ilə müəyyən olunur. Qanunvericiliyə uyğun olaraq vergi ödəyicisinin vergi hesabatının tərtib edilməsi prosesində müstəqil auditor iştirak edərsə, o, vergi hesabatını imzalamalı, möhür vurmalı, öz vergi ödəyicisinin eyniləşdirmə nömrəsini göstərməlidir.
Hesabatı bir neçə nəfər tərtibatçı hazırlayarsa, onu baş tərtibatçı imzalayır. Vergi hesabatını vergi ödəyicisi, və ya onun səlahiyyətli nümayəndəsi imzalamalıdır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilən və ya vaxtında təqdim edilməyən hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günə qədər təqdim edilə bilər.
Vergilərin ödənilmə və vergi bəyannamələrinin verilmə müddəti necə təyin olunur?
Hər bir vergiyə dair ödənilmə müddətləri qanunvericiliklə müəyyən edilir. Bu müddətin dəyişdirilməsi yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Vergilərin ödənilmə müddətləri pozulduğu halda hər bir vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun faiz ödəyir. Vergilərin ödənilməsi müddətləri günlərlə, həftələrlə, dekadalarla, aylarla, rüblərlə, təqvim ili və ya illərlə hesablanan dövrün qurtarması ilə, həmçinin edilməli olan hərəkət və yaxud baş verməli olan hadisə göstərilməklə müəyyən olunur.
Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış faiz, vergi və maliyyə sanksiyalarının hesablanmasını, artıq ödənilmiş məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il müddətində tələb etmək hüququna malikdir.
Bəyannamələrin verilmə müddəti hər bir vergi növündə fərqlidir. Məsələn, aksiz vergisinin bəyannaməsi hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. Bəyannamələrin verilmə müddətləri ilə bu linkə keçid edərək məlumat ala bilərsiniz.
Vergi hesabatı hansı hallarda qəbul edilmir?
Könüllü vergi açıqlaması zamanı təqdim edilmiş hesabat üzrə yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir. Vergi hesabatları və ya bəyannamələri vaxtında təqdim edilməzsə, bu zaman vergi orqanları tərəfindən tədbirlər görülür. Hesabatların elektron sənəd formasına uyğun olaraq göndərilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
AR Vergi Məcəlləsinə əsasən vergi hesabatı aşağıdakı hallarda qəbul edilmir:
- Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədikdə və ya səhv göstərildiyi halda
- Vergi dövrü əks olunmadığı halda
- Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadığı, möhürlə təsdiq olunmadığı halda
- Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadığı halda;
- Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadığı halda.
Vergi hesabatının və ya bəyannaməsinin təqdim edilməsi ilə bağlı hüquq pozuntularına görə necə məsuliyyət daşıyırıq?
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergi hesabatlarının və ya digər məlumatların təqdim edilməsi ilə bağlı hüquq pozuntuları aşkarlanarsa, bu zaman vergi ödəyicilərinə müəyyən məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilə bilər:
- Hesabat dövrü üzrə vergi tutulan və ya vergiyə cəlb edilməyən əməliyyatlar aparan vergi ödəyicisi tərəfindən heç bir əsas olmadan vergi hesabatının müəyyən olunan müddətdə təqdim edilməməsinə görə – 40 manat
- Vergi məcəlləsinin 16.9-cu maddəsində (transmilli şirkətlər qrupuna daxil olan və AR-in rezidenti olan müəssisə ilə bağlı) göstərilən hesabatın müəyyən edilən müddətdə, formada və qaydada təqdim edilməməsinə görə – 10000manat
- Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı aktivləri barədə məlumatın 10 gün müddətində təqdim edilməsini tələb edə bilər. Nəzərdə tutulan məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə – 100 manat
- Mühasibat uçotu sənədləri, elektron və ya kağız formatda məlumatlar 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Əgər üzürlü səbəb olmadan saxlanılmazsa – 1000 manat
- kiçik və mikro sahibkarlıq subyektləri istisna olmaqla, istehsal olunan məhsulun vahidinə tələb olunan material və xammal sərfi normaları barədə məlumatı hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim edilməlidir. Müəyyən edilən müddətdə təqdim edilməzsə, yaxud təqdim edilmiş məlumat təhrif olunarsa – 1000 manat
Yuxarıda qeyd olunan və qanunvericilikə müəyyən olunan digər hüquq pozuntuları hallarının yaranmaması üçün şirkətimiz tərəfindən göstərilən xidmətlərdən (vergilərin vaxtında ödənilməsi və bəyannamələrin müəyyən edilən formada, qaydada və vaxtında verilməsi ilə bağlı) yararlana bilərsiniz.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.