Audit – təsərrüfat subyektlərində maliyyə hesabatlarının və mühasibat uçotunun dəqiq və düzgün aparılmasının müstəqil yoxlanılmasıdır.
Auditor xidməti dedikdə isə təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, təhlil aparmaq, ekspertiza və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin doğruluğunu təsdiq etmək və digər xidmətləri göstərmək nəzərdə tutulur.
Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Mülkiyyətçilər auditora auditin aparılması üçün lazım olan bütün sənədləri, registrləri və hesabatları dəqiq və düzgün təqdim etməkdə məsuliyyət daşıyırlar. Onlar eyni zamanda auditorun sorğusuna dair yazılı və ya şifahi formada izahatlar verməyə borcludurlar.
Audit növləri hansılardır?
Aşağıda qeyd olunan audit növləri vardır:
- Məcburi və könüllü;
- Təsərrüfat fəaliyyətinin auditi;
- Daxili və kənar;
- Maliyyə hesabatının auditi və xüsusi;
- Uyğunluq;
- Dövlət orqanlarının tapşırığı ilə təşkil olunan məcburi (icbari) audit;
- Əməliyyat;
- Auditor xidmətinin digər növləri.
Audit xidmətləri kimlər tərəfindən aparılır ?
Audit xidmətləri sərbəst auditorlar və ya auditor təşkilatları tərəfindən aparıla bilər.
- Sərbəst auditor – AR Auditorlar Palatası tərəfindən verilən lisenziyaya əsasən respublika daxilində audit xidməti göstərmək hüququ olan fiziki şəxsdir.
- Auditor təşkilatı – AR Auditorlar Palatası tərəfindən verilən lisenziyaya əsasən respublika ərazisində audit hüququ əldə etmiş və nizamnaməsinə əsasən yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Bu təşkilatlar AR Mülki Məcəlləsi ilə müəyyənləşdirilən qaydada bir və ya daha çox təsisçi tərəfindən yaradılır.
Əgər auditorun yoxlanılan müəssisədə müəssisənin rəhbərliyindən hər hansı bir şəxslə qohumluq əlaqəsi varsa, müəssisədə şəxsi əmlak mənafeyi, müəssisənin mülkiyyətçisi və ya səhmdarı, təsisçisi olmuşsa, həmçinin müəssisədə bundan əvvəl xidmət göstərmişsə həmin auditorlara bu müəssisələrdə audit yoxlamasını aparmaq qadağan edilir.
Bunu da qeyd edək ki, təsərrüfat subyektləri öz maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı istənilən məsələ üzrə auditorlarla müəyyən müddətdə müqavilə bağlaya bilərlər. Əgər bu müqavilələr yoxlama xarakterli olarsa, onun nəticələrə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş qaydada autitorlar tərəfindən akt tərtib edilməlidir.
Audit yoxlaması hansı formalarda həyata keçirilir?
Audit yoxlaması iki formada həyata keçirilə bilər:
- məcburi audit – qanunla nəzərdə tutulan hallarda, həmçinin öz təsərrüfat maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün həyata keçirilməsi nəzərdə tutulan audit
- könüllü audit – yuxarıdakı hallardan başqa digər bütün hallarda təsərrüfat subyektinin təşəbbüsü ilə həyata keçirilən audit.
Auditor rəyi nədir?
Audit yoxlamasının sonunda auditor təşkilatı və ya auditor tərəfindən rəy verilir.
Auditor rəyi sərbəst auditor və ya auditor təşkilatının imzası və möhürü ilə təsdiqlənən təsərrüfat subyektinin illik maliyyə hesabatlarının doğruluğuna, maliyyə vəziyyətinə, mühasibat uçotunun ümumi vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə verdiyi qiyməti əks etdirən və hüquqi əhəmiyyəti olan, vahid forması olan rəsmi sənəddir.
Həmçinin auditor rəyinin təhvil-qəbul aktı auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsini müəyyən edən sənəddir. Auditor rəyi müəyyən edilmiş forma əsasında tərtib edilir.
Auditor təşkilatlarının fəaliyyəti “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir. Onların işinə nəzarət isə Auditorlar Palatası tərəfindən həyata keçirilir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.