Səyyar vergi yoxlaması bilavasitə vergi ödəyicisinin öz sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ərazidə aparılır. Səyyar vergi yoxlaması zamanı vergi orqanlarının əldə etdiyi məlumatlar kənar mənbələrdən – kütləvi informasiya vasitələrdindən, maliyyə orqanlarından, banklardan, həmçinin müxtəlif nəzarət orqanlarından əldə edilən məlumatlar əsasında araşdırılır.
Səyyar vergi yoxlamasının hansı formaları var?
Səyyar vergi yoxlamasının 2 forması vardır. Növbəti və növbədənkənar.
Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı vergi ödəyicisinə yoxlamanın başlanmasından ən az 15 gün öncə yazılı bildiriş göndərir. (növbədənkənar yoxlama zamanı belə bir bildiriş göndərilmir) Göndərilən bildirişdə vergi ödəyicisinin və vergi orqanının hüquq və vəzifələri, həmçinin yoxlamanın əsası və tarixi göstərilir. Növbəti səyyar vergi yoxlaması bir təqvim ili ərzində bir dəfə keçirilir. Yoxlamasının müddəti 30 iş günündən çox ola bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına uyğun olaraq bu müddət 90 iş gününə qədər artırıla bilər.
Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
- vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə təqdim edilmədikdə; (həmçinin vergi orqanının xəbərdarlığından sonra)
- vergi yoxlaması zamanı tərtib edilmiş aktda təhrif olunmuş və ya dürüst olmayan hər hansı məlumatlar aşkar edildikdə
- artıq ödənilmiş maliyyə sanksiyaları, vergilər və faizlərin qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
- vergi ödəyicisinin gəlirlərinin, həmçinin vergitutma obyektinin gizlədilməsi və ya azaldılması halları müəyyən edildikdə;
- məhkəmənin və yaxud hüquq mühafizə orqanlarının yoxlamaların keçirilməsi haqqda qərarı olduqda;
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi və ya yenidən təşkil edilməsi, həmçinin fiziki şəxsin hüquqi şəxs yaratmadan fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti olduqda;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda;
- əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında;
Səyyar vergi yoxlaması necə həyata keçirilir?
Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsləri öz xidməti vəsiqələrini, vergi orqanının rəhbərinin yoxlamanın keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını vergi ödəyicisinə təqdim etməlidir. Yalnız bundan sonra sahibkarlıq fəaliyyətinin həyata keçirməsi üçün istifadə edilən əraziyə daxil ola bilərlər. Əgər ərazi yaşayış sahəsi olarsa orada yaşayan fiziki şəxslərin iradəsinə zidd olaraq sahəyə daxil olunmasına yol verilmir. Bu hal yaşanarsa bu zaman akt tərtib edilir. Akta əsasən vergi orqanının qanunla nəzərdə tutalan qaydada ödənilməli olan vergi məbləğini müəyyənləşdirmək hüququ vardır. Əgər vergi ödəyicisi aktı imzalamaqdan imtina edərsə, bu, aktda qeyd edilir və aktın surəti ödəyiciyə təqdim edilir. Qeyri-qanuni maneçilik halları aşkarlandığı zaman qanun pozuntusu olaraq qeydə alınır və vergi ödəyicisi məsuliyyətə cəlb olunur.
Vergi nəzarəti tədbirləri ilə bağlı vergi ödəyicisinin binalarına, ərazilərinə, nəqliyyat vasitələrinə, habelə əşyalarına və sənədlərinə baxış keçirilən zaman aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və foto və ya video çəkilişdən istifadə olunur. Lakin bu çəkilişlər üçüncü şəxslərə vergi ödəyicisinin yazılı razılığı olmadan açıqlana bilməz. Foto və ya videolardan yalnız vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi üçün məhkəmə və ya inzibati icraat çərçivəsində istifadəyə icazə verilir.
Səyyar vergi yoxlaması üçün sənədlərin tələb edilmə müddətləri
Səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi ödəyicisinə göndərilən bildirişlə yanaşı yoxlama üçün lazım olan sənədlər, həmçinin electron fayllar tələb edilə bilər. Sənədlər və ya elektron fayllar 15 iş günü müddətində vergi orqanına tələbə uyğun olaraq təqdim etməlidir.
Vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər isə əlavə vergi yoxlamasının təyin edildiyi gündən 30 iş günü ərzində təqdim edilməlidir.
Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi haqqında tələb yönəldilən şəxs həmin sənədləri və elektron faylları 1 iş günü müddətində təqdim etməlidir.
Sənədlərin təsdiq edilmiş surətləri təqdim edilir.
Tələb edilən sənədlərlə bağlı linkə keçid edərək ətraflı məlumat ala bilərsiniz.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.