Təsərrüfat subyektinizə POS-terminal quraşdırmaq və ya onu ləğv etdirmək istəyirsiniz, amma proseslərin necə olduğunu bilmirsinizsə, bu yazımızda bu haqda ətraflı məlumat ala bilərsiniz. Öncə POS-terminalın nə olduğu ilə başlayaq.
POS-terminal – qanunvericilikdə göstərildiyi kimi nağdsız və təmassız ödənişlərin aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş və bunun üçün lazım olan proqram təminatı ilə təmin edilmiş mobil cihaz və ya avadanlıqdır.
POS-terminal sifarişçiləri – qanunvericiliyə əsaslanaraq POS-terminal quraşdırmalı olan fiziki və ya hüquqi şəxs və ya dövlət orqanıdır.
POS-terminalların quraşdırılması üçün əsas tələblər nələrdir?
POS-terminalın mülkiyyətçisi bank ekvayer və ya sifarişçi ola bilər. Bank ekvayer POS-terminalın qoşulması, o cümlədən xidmət göstərilməsi barədə xidmət mərkəzi ilə müqavilə bağlayır və POS-terminalı testlərin və sazlamaların aparılması üçün təqdim edir. POS-terminalın quraşdırılması ilə bağlı elektrik cərəyanı mənbəyi, dayanıqlı rabitə kanalı və s. kimi bütün texniki imkanlar sifarişçi tərəfindən təmin edilir. Sifarişçiyə məxsus olan təsərrüfat subyektərində quraşdırılan POS-terminalların istifadəyə yararlı olması üçün onlar qanunvericiliklə müəyyən olunmuş aşağıdakı texniki tələbləri ödəməlidirlər:
- POS-terminalda PİN kodun daxil edilməsi zamanı tələb olunan əməliyyatların aparılması üçün klaviaturaolmalıdır;
- POS-terminal ən azı AR-da fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbuluna və təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır;
- POS-terminalın texniki parametrləri xidmət mərkəzi və ya bank ekvayer tərəfindən dəstəklənmə imkanlarına malik olmalıdır.
Təsərrüfat subyektində POS-terminalın quraşdırılması üçün necə müraciət etmək lazımdır?
Dövlət Vergi Xidməti qanunvericiliyə uyğun olaraq POS-terminalların quraşdırılması tələb olunan təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması üçün bildiriş göndərir. Sifarişçi bildirişi aldığı vaxtdan 10 (on) iş günü ərzində POS-terminalın quraşdırılması ilə bağlı ərizə və lazım olan digər məlumat və ya sənədlərlə birlikdə bank ekvayerə müraciət etməlidir. Bu sənədlər aşağıdakılardır:
- vergi ödəyicisnin şəxsiyyət vəsiqəsinin surəti
- sifarişçinin vergi uçotuna alınması ilə bağlı şəhadətnamənin surəti
- təsərrüfat subyektinin vergi uçotunu təsdiqləyən sənədin surəti
- əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POS-terminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bildirişin surəti
Sənədlər kağız daşıyıcılarda və ya elektron formada təqdim oluna bilər. Yuxarıda qeyd olunan sənədlərlə yanaşı proqram təminatının yazılması üçün POS-terminal da bank ekvayerə təqdim edilməlidir. Sənədlər təqdim edildikdən 3 iş günü ərzində onlara baxılır.
Əgər yuxarıda qeyd olunan sənədlərdə hər hansı əksiklik olarsa, POS-terminal zəruri tələblərə cavab verməzsə və ya POS-terminalın quraşdırılması texniki səbəbdən mümkün olmazsa bank ekvayer POS-terminalın quraşdırlmasından imtina edə bilər. Bu zaman sifarişçiyə məlumat göndərilir. Sifarişçi bununla bağlı məlumatı aldığı andan 5 iş günü ərzində imtinaya səbəb olan uyğunsuzluqları aradan qaldıraraq 15 gün ərzində başqa bank ekvayerə müraciət edə bilər. Bu zaman razılıq əldə edilərsə müqavilə imzalanır və 10 gün ərzində POS-terminal quraşdırlır. Quraşdırıldıqdan 1 iş günü müddətində POS-terminalın qeydiyyata alınması üçün Dövlət Vergi Xidmətinə müraciət göndərilir. Dövlət Vergi Xidməti 2 iş günü ərzində POS-terminala qeydiyyat nömrəsi verir və bunu bank ekvayerə və şifarişçiyə göndərir. Bank ekvayer 5 iş günü müddətində POS-terminalın quraşdırılması və ödənişlərin qəbulunu təmin edir.
POS-terminalın qeydiyyatdan çıxarılması prosesi necə həyata keçirilir?
Bank ekvayer aşağıda qeyd olunan hallarda 2 iş günü müddətində POS-terminala verilmiş qeydiyyat nömrəsinin ləğv edilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət edə bilər:
- əgər bank ekvayer ilə sifarişçi arasında bağlanmış müqaviləyə xitam verilərsə;
POS-terminal qeydiyyatdan çıxarıldıqdan sonra 3 iş günü ərzində sifarişçiyə yeni POS-terminalın quraşdırılması barədə bildiriş göndərilir. Sifarişçi yeni POS-terminalın quraşdırılmasını təmin etməlidir.
- əgər POS-terminal yenisi ilə əvəz edilərsə;
- əgər sifarişçinin təsərrüfat subyekti ləğv edilərsə.
Müraciət daxil olduqdan sonra 2 iş günü müddətində qeydiyyat nömrəsi ləğv edilir və bu barədə elektron formada banka məlumat verilir.
Daha ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.