Transfer qiyməti – nəzarət olunan əməliyyatlar üzrə malların (xidmət, iş) AR Vergi Məcəlləsinə və “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” qaydalarına uyğun olaraq müəyyən edilən qiymətidir. Bəs bu qaydalara görə müqayisə edilən əməliyyatlar necə seçilir? Transfer qiymətinin müəyyən edilməsi üsulları hansılardır? Bu yazımızda bu suallarınızın cavabını tapacaqsınız.
Transfer qiymətinin müəyyənləşdirilməsi üçün müqayisə edilən əməliyyatların seçilməsi
Transfer qiymətinin müəyyənləşdirilməsi üçün müqayisəli təhlil əsasında nəzarət olunan əməliyyatla müqayisə edilən nəzarət olunmayan əməliyyatların seçilməsi prosesi aparılır.
Müqayisə edilən nəzarət olunmayan əməliyyat olaraq aşağıdakılar istifadə edilə bilər:
- Nəzarət olunan əməliyyatın tərəfi olan şəxsin müstəqil şəxslərlə apardığı oxşar əməliyyatlar;
- Müstəqil şəxslər arasında aparılan oxşar əməliyyatlar.
Müqayisə edilən oxşar əməliyyatlar seçildiyi zaman həmin əməliyyatların nəzarət olunan əməliyyatla eyni dövr ərzində həyata keçirilməsi və aşağıda qeyd olunan göstəricilərin ya eyni, ya da oxşar olması əsasdır:
- Əməliyyatın predmeti olan malların (xidmət, iş) keyfiyyəti, mənşə ölkəsi, növü və digər istehlak göstəriciləri;
- Müqavilə şərtləri, həmçinin təqdim olunan malların miqdarı, işlərin və ya xidmətlərin həcmi, müqaviləyə uyğun olaraq öhdəliklərin icra müddətləri, ödəniş və çatdırılma şərtləri;
- Əməliyyatın tərəflərinin əməliyyatla bağlı funksiyaları və daşıdığı risklər;
- Əməliyyat zamanı vergi ödəyicisinin istifadə etdiyi mülkiyyətində olan və ya cəlb edilmiş qeyri-maddi və maddi aktivlər və hüquqlar;
- Əməliyyatın tərəflərinin fəaliyyət göstərdikləri iqtisadi şərait, həmçinin, bazarların coğrafi yerləşməsi, bazarda oxşar və ya eynicinsli malların (xidmət, iş) mövcudluğu;
- Marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq yeni malların (xidmət, iş) bazara çıxarılması, mövcud malların və onların təkmilləşdirilmiş versiyalarının yeni bazarlara çıxarılması və digər bu kimi hallar.
Nəzarət olunan əməliyyat qeyri-maddi aktivlərin ötürülməsi ilə bağlı olduqda, onunla müqayisə edilə bilən əməliyyatın seçilməsi üçün müqayisəli təhlil həyata keçirilən zaman yuxarıda qeyd olunanlardan əlavə olaraq, aşağıdakı göstəricilər də müqayisə edilir:
- Ötürülən patent, lisenziya, ticarət markası və ya digər qeyri-maddi aktivin əldə edilməsinin onu əldə edən şəxsə bazarda verəcəyi üstünlük;
- Ötürülən qeyri-maddi aktiv üzrə hüquqların istifadəsi ilə əlaqədar hər hansı bir coğrafi məhdudiyyət və ya qadağa;
- Qeyri-maddi aktivdən istifadənin müstəsna və ya qeyri-müstəsna hüquq olması;
- Qeyri-maddi aktivdən istifadə hüququnu olan şəxsin onu dəyişdirmək və ya təkmilləşdirmək səlahiyyətlərinin olması.
Nəzarət olunan əməliyyat qrupdaxili maliyyələşdirmə ilə bağlı olduqda, onunla müqayisə edilə bilən əməliyyatın seçilməsi üçün müqayisəli təhlil həyata keçirilən zaman bu yuxarıda qeyd olunanlardan əlavə əlavə olaraq, aşağıdakı göstəricilər də müqayisə edilir:
- Kredit və ya borc alan tərəfin və ya öhdəliklərinə zəmanət verilən tərəfin ödəmə qabiliyyəti və kredit tarixçəsi;
- Təminatın təbiəti və bazar dəyəri;
- Borc və ya kreditin verilməsi müddəti;
- Borc və ya kreditin valyutası;
- Faiz dərəcəsinin müəyyənləşdirilməsi proseduru;
- Faiz dərəcəsinin müəyyən edilməsinə təsir edən digər amillər.
Transfer qiymətlərinin müəyyən edilməsi üsulları
Transfer qiymətlərinin müəyyənləşdirilməsi üçün aşağıda qeyd olunan üsullarından istifadə olunur:
- Qiymətlərin müqayisəsi üsulu – nəzarət olunan əməliyyat çərçivəsində alınan və ya təqdim edilən malın (xidmət, iş) qiyməti ilə nəzarət olunmayan əməliyyat çərçivəsində olan qiymətin müqayisə edilərək, transfer qiymətinin müəyyənləşdirilməsi;
- Sonrakı (təkrar) satış qiyməti üsulu – alınan malın təkrar satışı zamanı alış qiymətinə əlavə edilən təkrar satış marjası ilə nəzarət olunmayan əməliyyatlarda formalaşan qiymətin tərkibindəki təkrar satış marjasının müqayisə edilərək, transfer qiymətinin müəyyənləşdirilməsi;
- Dəyərin toplanması üsulu – nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim olunan malların (xidmət, iş) qiymətinin malların (xidmət, iş) istehsalı üçün çəkilmiş faktiki xərclərə əlavə edilən gəlir marjası ilə nəzarət edilməyən əməliyyatlar üzrə gəlir marjasının müqayisə edilərək, transfer qiymətinin müəyyənləşdirilməsi;
- Rentabellilik üsulu – nəzarət olunan əməliyyatlar çərçivəsində əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəət ilə onun ümumi gəlirlərində, xərclərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisi müqayisə edilə bilən nəzarət olunmayan əməliyyat çərçivəsində tətbiq olunan xüsusi çəkisinin müqayisə edilərək, transfer qiymətinin müəyyənləşdirilməsi;
- Mənfəətin bölgüsü üsulu – eyni müəssisə qrupunun üzvü olan müəssisələr arasında nəzarət olunan əməliyyatlar aparıldığı zaman əməliyyatın tərəfi olan şəxslərdən hər birinin bu əməliyyatdan əldə etdiyi mənfəətinin qrupun əldə etdiyi məcmu mənfəətdəki xüsusi çəkisi ilə müqayisə edilə bilən nəzarət olunmayan əməliyyat çərçivəsində müəyyən edilən xüsusi çəkinin müqayisə edilərək, transfer qiymətinin müəyyənləşdirilməsidir.
Transfer qiyməti tətbiq edilməklə verginin yenidən hesablanması
Müqayisəli təhlil zamanı müqayisə edilə bilən bir əməliyyat tapılarsa, bu zaman transfer qiyməti həmin əməliyyatın göstəricilərinə uyğun olaraq hesablanır. Əgər bir neçə əməliyyat tapılarsa, bu zaman transfer qiyməti müqayisə edilən bütün əməliyyatların seçilmiş göstəricilərinin ədədi ortası tapılmaqla hesablanır.
Nəzarət olunan əməliyyatlar üzrə qiymət (xüsusi çəki və ya marja) nəzarət olunmayan əməliyyatlar üzrə transfer qiymətinə (xüsusi çəki və ya marjaya) uyğundursa və ya müəyyənləşdirilmiş interval daxilindədirsə, bu zaman vergilərin hesablanması faktiki qiymət əsas götürülməklə aparılır.
Nəzarət olunan əməliyyatlar zamanı:
Əgər nəzarət olunan əməliyyat malların (xidmət, iş) təqdim edilməsi ilə bağlıdırsa və təsbit edilmiş qiymət müəyyən edilmiş transfer qiymətindən və ya intervaldan:
|
Əgər nəzarət olunan əməliyyat malların (xidmət, iş) alınması ilə bağlıdırsa və təsbit edilmiş qiymət müəyyən edilmiş transfer qiymətindən və ya intervaldan:
|
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.