Publik hüquqi şəxs – bələdiyyə və adından yaradılan, ictimai və ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olan, bələdiyyə və ya dövlət orqanı olmayan təşkilatdır.
Publik hüquqi şəxsin yaradılması
Publik hüquqi şəxsin yaradılması həyata keçirilir:
- dövlət adından icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən;
- bələdiyyə adından müvafiq bələdiyyə orqanları tərəfindən.
“Publik hüquqi şəxslər haqqında” AR Qanunu ilə müəyyən edilən xüsusiyyətlər nəzərə alınaraq digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydada publik hüquqi şəxs icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Bundan sonra hüquqi şəxs statusunu əldə edir. Publik hüquqi şəxsin idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da onun dövlət qeydiyyatı həyata keçirilir.
Publik hüquqi şəxsin fəaliyyəti
Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə onların yaradılması zamanı və nizamnaməsi ilə müəyyən olunan məqsədlərə uyğun gəldiyi və və onların həyata keçirilməsinə xidmət etdiyi halda məşğul ola bilər. Nizamnaməsində göstərildiyi halda təsərrüfat cəmiyyətləri yarada və onlarda iştirak edə bilər. Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün publik hüquqi şəxsin mənfəəti yalnız təsisçinin qərarı ilə yerli büdcəyə və ya dövlət büdcəsinə köçürülə bilər.
Publik hüquqi şəxs “Dövlət rüsumu haqqında” AR Qanununda nəzərdə tutulmuş hüquqi hərəkətləri həyata keçirdiyi və xidmətləri göstərdiyi halda, qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutur.
Publik hüquqi şəxsin nizamnaməsi
Publik hüquqi şəxsin nümunəvi nizamnaməsi icra hakimiyyəti orqanı tərəfindən müxtəlif sahələr üzrə müəyyən oluna bilər.
Nizamnamədə aşağıdakı məlumatlar göstərilir:
- adı, ünvanı və publik hüquqi şəxs olduğu;
- nizamnamə fondu;
- nizamnamənin qəbulu, nizamnaməyə dəyişikliklərin edilməsi qaydası;
- idarə olunması ilə bağlı qaydalar;
- fəaliyyətin istiqamətləri, onun hüquq və vəzifələri;
- publik hüquqi şəxsin üzərində nəzarətin forması və əhatə dairəsi;
- maliyyə fəaliyyətinin əsasları, əmlakının formalaşma mənbələri, publik hüquqi şəxsin məhsullarının qiymətlərinin tənzimlənən olub-olmaması;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ;
- təsərrüfat cəmiyyətlərinin yaradılması, onlarda iştirak etmək hüququ (verildiyi halda);
- fəaliyyət haqqında ictimaiyyətin məlumatlandırılması qaydası;
- publik hüquqi şəxsin ləğvi və onun yenidən təşkili qaydası.
Publik hüquqi şəxsin nizamnaməsinin təsdiqi
Publik hüquqi şəxsin nizamnaməsi:
- Dövlətin adından yaradıldığı zaman icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən;
- bələdiyyə adından yaradılan zaman bələdiyyə tərəfindən
təsdiq olunur.
“Dövlət rüsumu haqqında” AR Qanunu ilə müəyyən olunmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində göstərildiyi halda dövlət qulluqçularına bərabər tutulurlar.
Publik hüquqi şəxsin əmlakı
Publik hüquqi şəxsin nizamnamə fondu təsisçi tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır.
Publik hüquqi şəxsin əmlakı formalaşa bilər:
- nizamnamə fondundan;
- təsisçilər tərəfindən verilmiş əmlakdan;
- yerli və ya dövlət büdcəsindən ayrılan vəsaitlərdən;
- fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən;
- göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan;
- ianələrdən;
- qrantlardan ;
- nizamnamədə qeyd olunan digər mənbələrdən daxil olan vəsaitlər hesabına.
Əmlak üzərində sahiblik, sərəncam vermək və əmlakdan istifadə hüquqlarının həyata keçirilməsi qaydaları publik hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilir.
Publik hüquqi şəxslərə verilmiş bələdiyyə və dövlət əmlakı yalnız nizamnamədə müəyyən edilmiş məqsədlərə uyğun olduğu halda onlar tərəfindən istifadə edilir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.