Aksiz vergisi kütləvi istehlak mallarının bəzilərinə, zinət əşyalarına, mineral xammala, həmçinin xidmətlərə qiymətə daxil edilməklə qoyulan vergi növüdür. Azərbaycan Respublikasının ərazisinə gətirilən malların aksiz dərəcələri Nazirlər Kabineti tərəfindən təsdiq edilir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur.
Hansı mallar aksiz vergisinə cəlb olunur?
MDB ölkələrinin istehsalı olmayan mallar və minik avtomobilləri 1 saylı əlavədə göstərilən müəyyən edilmiş dərəcələrlə aksiz vergisinə cəlb olunur.
MDB ölkələrinin istehsalı olan aksizli mallar və minik avtomobilləri MDB ölkələri hüdudları kənarından gətirildikdə aksiz vergisinə cəlb olunur.
2 saylı əlavədə göstərilən mallar mənşə ölkəsi və gətirildiyi yerdən asılı olmayaraq müəyyən edilmiş dərəcələrlə aksiz vergisinə cəlb edilir.
Azərbaycan Respublikası ərazisinə idxal olunan aksiz vergisinə cəlb edilən mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisi manatla ödənilir.
Verginin tədiyyəçiləri
Qanunvericiliyə uyğun olaraq mülkiyyət formasından və mülkiyyət tabeçiliyindən asılı olmayaraq aksiz tətbiq olunan minik avtomobilləri və aksizli malları respublika ərazisinə daxil edən bütün fiziki və hüquqi şəxslər aksiz vergisinin ödəyiciləri hesab edilir. Aksiz vergisi bəyannamə verən və yaxud gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər şəxslər tərəfindən gömrük əməliyyatı üçün yük gömrük bəyannaməsi qəbul edilənədək və ya qəbul edildiyi zaman ödənilir.
Aksiz vergisinin ödənişi ilə bağlı möhlət verildiyi malların və aksiz tətbiq edilən minik avtomobillərinin dəyərində düzəliş edildiyi hallar da daxil olmaqla aksiz vergisinin yenidən hesablandığı və mübahisəsiz olaraq alındığı, həmçinin cərimə və peniyaların tutulduğu zaman həmin məbləğlər maliyyə tənzimi məqsədilə məsul şəxsdən alınır.
Aksiz vergisinin hesablanması qaydası necədir?
MDB ölkələrindən kənarda istehsal edilmiş, həmçinin MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları kənarından Azərbaycan Respublikası ərazisinə daxil olan spirtli içkilər, etil (yeyinti) spirti, tütün məmulatı və minik avtomobillərinə (xüsusi təyinatlı keşik-natrul vasitələri istisna olmaqla) aksiz vergisi bu malların gömrük dəyərindən 1 nömrəli əlavədə qeyd olunan faizlərlə hesablanır.
Gətirildiyi yerdən və mənşə ölkəsindən asılı olmayaraq neft məhsullarına hesablanan aksiz vergisi onların gömrük dəyərindən 2 nömrəli əlavədə qeyd olunan faizlərlə hesablanır.
Azərbaycan Respublikası ərazisinə daxil olan içməli spirt və aksiz tətbiq edilən minik avtomobillərinin rəsmiləşdirilməsi zamanı qeyd olunan malların müəyyən edilmiş gömrük dəyərini D ilə, aksiz vergisinin dərəcəsi A hərfi ilə işarələnərsə, o zaman aksiz vergisi aşağıdakı düsturla hesablanacaqdır:
(D x A): 100
Aksiz vergisinin ödənilməsindən azad edilmə
“Aksizlər haqqında” Azərbaycan Respublikası qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisələrin öz tələbatı üçün respublika ərazisinə idxal etdiyi xammal və materiallar aksiz vergisindən azad olunurlar.
Aksiz vergisi necə ödənilməlidir?
Aksiz vergisinin ödənilməsinin təsdiq edilməsi üçün bəyannaməyə üzərində verginin ödənilməsilə bağlı bank orqanının qeydi olan ödəmə tapşırığının nüsxəsi əlavə edilməlidir. Aksiz vergisi ödənildikdən sonra aksizli malların və aksiz tətbiq edilən minik avtomobillərinin sərbəst tədavülə buraxılmasına gömrük orqanı tərəfindən icazə verilir.
Aksiz vergisi gömrük orqanlarının depozit hesabına köçürülür. Prosesə nəzarəti gömrük orqanı həyata keçirir. Ödəmə tapşırığı verildiyi vaxtdan etibarən bir ay ərzində vəsait hesaba daxil olmazsa, həmin vergi məbləğinin mübahisəsiz qaydada alınması təmin edilir.
Depozit hesabına daxil olan vergi məbləğləri ayda dörd dəfədən az olmamaq və ən son ödəmənin axırıncı bank günündə olması şərtilə AR-nın müvəkkil banklarda açılmış hesablarına köçürülməlidir.
Aksiz vergisini ödəmək üçün gömrük bəyannaməsi qəbul edilən vaxtdan aşağıdakı şərtlərdən biri yerinə yetirilməklə iki aya qədər möhlət verilə bilər:
- «Azərbaycan Respublikası gömrük orqanlarında girovdan istifadə qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müqaviləyə əsasən mal girov qoyulduqda.
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müvafiq qaydada reyestrə salınmış müvəkkil bank zəmanət verdikdə (Əlavə 3).
Öhdəlik vaxtında yerinə yetirmədikdə gömrük orqanları hesablanmış məbləğləri və alınma günü də daxil olmaqla gecikdirilmiş hər gün üçün (möhlət müddəti daxil olmaqla) 0,3 faiz dəyərində penyanı zəmanət verən müvəkkil bankdan və tədiyyəçidən mübahisəsiz olaraq alır və öhdəliyinin yerinə yetirilməməsi haqda Azərbaycan Respublikasının Mərkəzi Bankına və Dövlət Gömrük Komitəsinə məlumat verir.
Fiziki şəxslərin fərdi istifadəsi üçün respublika ərazisinə daxil edilən minik avtomobillərinə aksiz vergisi gömrük dəyərindən müəyyən edilmiş dərəcəylə hesablanaraq ödənilir.
Artıq ödənilmiş və ya alınmış aksiz vergisinin geri qaytarılması qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: İstehlakçıların hüquqları və onların müdafiəsi necə təmin olunur?