Cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Bələdiyyə mülkiyyətində olan təşkilat və müəssisələr mənfəət vergisini yerli büdcəyə ödəyirlər. Hər ödəmənin məbləği öncəki vergi ilində hesablanan verginin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar Vergi Məcəlləsinin 101.4-cü maddəsi ilə müəyyən edilmiş 10% dərəcə ilə hesablanan vergini dövlət büdcəsinə sonrakı ayın 20-dən gec olmayaraq ödəməlidirlər. (1)
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu metodla da müəyyənləşdirə bilər:
(xərclər nəzərə alınmadan bu rübdəki vergiyə cəlb olunan gəlirinin həcmi) x (xərclər nəzərə alınmadan keçən ilin vergiyə cəlb olunan gəlirində verginin xüsusi çəkisini göstərən əmsal) (2)
Cari vergi ödəmələrinin məbləği vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən iki (1 və 2) metoddan biri ilə müəyyənləşdirilə bilər. Hər il aprel ayının 15-nə qədər bu haqda vergi orqanını məlumatlandırmalıdır. Əgər vergi ödəyicisi məbləği müəyyənləşdirmək üçün 2-ci metodu seçərsə, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində vergi orqanına gəlirdən və ya mənfəətdən hesablanmış cari vergi məbləği haqqında arayış təqdim etməlidir. Arayış təqdim olunmadığı halda, vergi orqanı 1-ci metodu tətbiq edir. Cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün vergi ödəyicisi tərəfindən tətbiq etdiyi metod haqda məlumat verilmədiyi halda birinci metod tətbiq edilir. Vergi ilinin sonuna qədər də bu metod dəyişdirilmir.
Cari vergi ödəmələri vergi ödəyicisindən vergi ili üçün tutulan verginin məbləğinə aid edilir.
Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan vergi ödəyicilərinin gəlir vergisi üzrə cari vergi ödəmələri
Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin, yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri aşağıda qeyd olunan qaydada həyata keçirilir:
- Əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti olmayan vergi ödəyicilərinin gəlir və ya mənfəət vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla (əvvəlki illərdə yaranmış zərər vergi tutulan mənfəətdən çıxılmaqla) müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
- Cari vergi ödəmələrinin məbləği gəlirdən və ya mənfəətdən verginin məbləğinin 75%-dən az olmamalıdır.
- Bu vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalıdırlar. Rüb ərzində olan gəlir və ya mənfəətdən hesablanmış cari vergi məbləği ilə bağlı vergi orqanına arayış təqdim etməlidirlər.
- Cari vergi ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, ödəmə müddətindən sonrakı hər gecikmiş gün üçün vergi ödəyicisindən faiz tutulur.
- Vergi Məcəlləsi ilə müəyyən edilən faizlər vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə gecikmiş müddətə bir ildən çox olmamaqla tətbiq edilir.
- Cari vergi ödəmələri vergi ili üçün mənfəətdən vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
- Sadələşdirilmiş vergi ödəyiciləri gəlir vergisi ödəyicisi olduğu halda cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir.
- Vergi ödəyiciləri nəzərdə tutulmuş arayışları (Vergi Məcəlləsi 16.2-ci və 151.5.3-cü maddə) təqdim etmədikdə, cari vergi ödəmələrinin məbləği Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq məlumatlar əsasında hesablanır və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Hesabat ili başa çatdıqdan sonra cari vergi ödəmələri yenidən haqq-hesab edilir. Əgər hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olarsa, artıq hesablanmış cari vergi və faiz məbləğləri azaldılır.
Cari vergi ödəmələri Vergi Məcəlləsi ilə müəyyən olunan azadolmalar və güzəştlər nəzərə alınmaqla hesablanır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Publik hüquqi şəxs