Daxili audit – təsərrüfat subyektinə fəaliyyətinin inkişafı və səmərəliliyinin yüksəldilməsilə bağlı öz məqsədlərinə çatmaqda köməklik göstərən təminatverici, obyektiv və məsləhətverici fəaliyyətdir. Bu fəaliyyət nəzarət və idarəetmənin səmərəliliyinin inkişafı və qiymətləndirilməsinə, risklərin idarə olunmasına sistemli yanaşmaqla həyata keçirilir. Daxili auditor isə bu xidmətin auditi həyata keçirən əməkdaşıdır. Daxili nəzarət sistemini və daxili audit xidməti fəaliyyəti daxili audit standartları ilə tənzimlənir. Bu normativ sənəd Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilir.
Daxili audit xidmətinin hansı vəzifələri vardır?
Daxili audit xidməti qanunvericiliklə müəyyən olunan hallar istisna olmaqla daxili auditin aparılmasında, auditlə bağlı hesabatların hazırlanmasında və işinin planlaşdırılmasında müstəqildir. Daxili audit xidmətinin aşağıdakı vəzifələri vardır:
- təsərrüfat subyektində səmərəli və müntəzəm fəaliyyətin təmin edilməsi, məqsədlərə çatmaq üçün risklərin idarə edilməsi, dəyişikliklərə qısa müddətdə münasibət bildirilməsi üçün yaradılan daxili nəzarət sisteminin adekvatlığını və səmərəliliyini müəyyən etmək;
- maliyyə hesabatlarının və mühasibat uçotunun aparılmasınındüzgünlüyünü və etibarlılığını yoxlamaq;
- təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək;
- təsərrüfat subyektinin, həmçinin ona tabe olan təşkilat və müəssisələrin struktur bölmələrinin fəaliyyətinin təsdiq edilmiş fəaliyyət planı və normativ hüquqi aktlara uyğunluğunu yoxlamaq;
- ehtiyatlardan istifadənin düzgünlüyü, səmərəliliyi, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək.
Kimlər daxili auditor ola bilər ?
Ali iqtisadi və ya hüquqi təhsili olan və ya digər ixtisas üzrə ali təhsilə və audit və ya əlaqəli sahələrdə 4 (dörd) illik iş stajına malik olan şəxslər daxili auditor ola bilər. Daxili audit xidmətinin rəhbəri vəzifəsi üçün bu tələb 5 (beş) ildir.
Maliyyə-təsərrüfat sahəsində vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə məhrum edilmiş və ya bu cəzayla bağlı məhkumluğu ödənilməmiş şəxslər daxili auditor və daxili audit xidmətinin rəhbəri vəzifəsini tuta bilməzlər. Həmçinin, daxili auditorun təsərrüfat subyektinin təsisçisi, səhmdarı, idarəetmə orqanının üzvü və ya maliyyə hesabatlarının tərtib edilməsinə məsuliyyət daşıyan şəxslə qohumluq əlaqəsi olarsa, onun həmin təsərrüfat subyektində audit aparması qanunvericiliklə qadağan edilir.
Daxili auditorun vəzifələri
Daxili auditor daxili auditi iş planına uyğun olaraq həyata keçirir. İş planı Audit Komitəsi və ya təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı tərəfindən təsdiq edilir. Daxili auditor öz vəzifələrini icra edərkən fəaliyyətinin qanunvericiliyə uyğun olmasına məsuliyyət daşıyır. Həmçinin, o, səlahiyyətinə aid olmayan tapşırıqların icrasından daxili audit xidmətinin və ya təsərrüfat subyektinin idarəetmə orqanına yazılı məlumat verməklə imtina etməlidir.
Daxili auditor məxfilik prinsipinə əməl etməli, fəaliyyəti zamanı əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməlidir.
Daxili audit xidmətinin rəhbərinin vəzifələri
Daxili audit xidmətinin rəhbəri:
- daxili auditorların fəaliyyəti ilə bağlı illik və uzunmüddətli inkişaf planlarını hazırlayır və təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim edir;
- daxili auditlə bağlı hesabatı müvafiq idarəetmə orqanına təqdim edir;
- audit zamanı aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, müvafiq idarəetmə orqanına təkliflər verir;
- daxili auditorun obyektivliyinə və ya müstəqilliyinə və ya müdaxilələr barədə müvafiq idarəetmə orqanını məlumatlandırır;
- daxili audit xidmətinin işinin təşkili üçün lazım olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq idarəetmə orqanına müraciət edir;
- daxili auditin metodologiyasına uyğun olaraq prosedurlarını müəyyən edir;
- daxili auditorların işinin keyfiyyətini qiymətləndirir;
- zəruri hallarda müvafiq idarəetmə orqanının razılığı ilə digər əməkdaşlarını auditin aparılmasına cəlb edir;
- daxili audit xidmətinin fəaliyyəti ilə bağlı illik hesabatı müvafiq idarəetmə orqanına təqdim edir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.