Əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən olunan hallarda və qaydada xitam verilə bilər.
Hansı hallarda əmək müqaviləsinə xitam verilə bilər?
Əmək məcəlləsinə əsasən müqaviləyə xitama əsas verən hallar aşağıdakılardır:
- Tərəflərdən birinin – işəgötürən və ya işçinin təşəbbüsü;
- Əmək müqaviləsində göstərilən vaxtın bitməsi;
- Əmək şəraitinin şərtləri dəyişdirilməsi;
- Müəssisənin mülkiyyətçisinin dəyişdiyi hallar;
- Tərəflərdən asılı olmayan hallar.
Əmək müqaviləsi işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilər?
İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi aşağıda göstərilən əsaslarla ola bilər:
- Müəssisə ləğv edildikdə;
- Ştatlar və ya işçilərin sayında ixtisar olduqda;
- Səlahiyyətli orqan (attestasiya komissiyası, işçilərin sertifikasiyanı həyata keçirən icra hakimiyyəti orqanı) tərəfindən işçinin peşəkarlıq səviyyəsinin ölçülərək onun öz peşəsinə və ya ixtisasına uyğun olmadığına qərar verildikdə;
- Əmək müqaviləsində nəzərdə tutulan öhdəlik və vəzifələr işçi tərəfindən yerinə yetirilmədikdə və ya qanunla nəzərdə tutulan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması halları müşahidə edildikdə;
- İşçi onun üçün ayrılan sınaq müddətində özünü doğrultmadıqda;
- Dövlət büdcəsi hesabına maliyyələşən müəssisədə fəaliyyət göstərən işçi çalışmanın yaş həddinə çatdıqda.
Əmək vəzifələrinin kobud şəkildə pozulması halları
Qanunvericiliklə müəyyən olunan aşağıdakı hallar əmək vəzifələrinin kobud şəkildə pozulması halları hesab edilir:
- özünün, yaxud yaxın qohumunun xəstələnməsi və vəfat etməsi halları istisna olunmaqla üzürlü səbəb göstərmədən bütün iş günü işə gəlməməsi;
- narkotik vasitələr və psixotrop maddələr, alkoqollu içkilər, toksik və digər zəhərli maddələr istifadə edərək sərxoş halda işə gəlməsi, habelə iş yerində həmin maddələri və ya içkiləri qəbul edərək sərxoş olması;
- təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
- təqsirli hərəkətləri nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
- qəsdən istehsal, dövlət və ya kommersiya sirrinin yayılması və ya gizli saxlanılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsi;
- əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları, kobud səhvləri nəticəsində müəssisənin, mülkiyyətçinin və ya işəgötürənin qanuni mənafeyinə xələl gətirməsi;
- əvvəllər işəgötürən tərəfindən əmək funksiyasını pozduğuna görə verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində yenidən əmək funksiyasını pozması;
- iş vaxtında bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara yol verməsi.
Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilən zaman görülən tədbirlər
Ştat ixtisarı və ya işçilərin sayında azaldılma olduğu hallarda və ya attestasiya komissiyası və ya sertifikasiyanı həyata keçirən orqan tərəfindən işçinin tutduğu vəzifəyə uyğun olmadığına qərar verilən hallarda işəgötürən tərəfindən Əmək Məcəlləsinə uyğun tədbirlər görülür.
İşçinin əmək müqaviləsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədiyi və ya əmək əmək vəzifələrinin kobud şəlikdə (qanunvericiliklə nəzərdə tutulan) pozulması hallarında o zaman onun müqaviləsinə xitam verilə bilər ki, o qəsdən və ya səhlənkarlıqla əmək və icra intizamının, işin, istehsalın normal ahəngini pozmuş olsun. Həmçinin əmək kollektivinin, işəgötürənin hüquq və ya qanunla qorunan mənafelərinə zərər vurmuş olsun.
İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyi zaman Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən müəyyən edilmiş əsaslardan hansı ilə xitamın həyata keçirildiyi, yəni əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Səhmdar cəmiyyətinin fondları və əmlakı