Fiziki və ya hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq mülki hüquq münasibətlərinin subyektləri hesab olunur. Bu bloqumuzda sizi fiziki şəxslər və hüquqi şəxslər haqqında daha ətraflı məlumatlandıracağıq.
Fiziki şəxs kimdir?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən fərddir. AR-da bütün vətəndaşlar, daimi və ya müvəqqəti yaşayan әcnәbilәr və vətəndaşlığı olmayan bütün şəxslər fiziki şəxslər hesab olunur.
Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti qanunla müəyyən edilmiş hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
Əgər fiziki şəxsin özü hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən qismən və ya tamamilə imtina edərsə hüquq və fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilən əqdlər heç bir əhəmiyyət daşımır.
Fiziki şəxslər necə fərdi sahibkar ola bilər?
Fiziki şəxlər hüquqi şəxs yaratmadan, yəni fərdi sahibkar kimi gəlir əldə etmək məqsədilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Belə ki, bunun üçün fiziki şəxslər ilk növbədə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalıdırlar. Yəni öz fəaliyyətlərini həyata keçirdikləri zaman gəlir vergisini hesablamalı, onu bəyan etməli və ödəməlidirlər. Sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi VÖEN açdırdıqdan sonra başlayır. Fiziki şəxsin vergi uçotuna alınması elektron qaydada İnternet Vergi İdarəsi portalı vasitəsilə aparılır. “Necə VÖEN açmaq olar?” adlı yazımızda bu haqda ətraflı məlumat ala bilərsiniz.
Hüquqi şəxsin, həmçinin hüquqi şəxs yaratmadan öz fəaliyyətini həyata keçirən fiziki şəxsin vergi ödəyicisi kimi uçota alınması AR vergi qanunvericiliyi ilə tənzimlənir.
Hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti göstərən şəxslərin dövlət qeydiyyatı isə müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir.
Hüquqi şəxs kimdir?
Hüquqi şəxs dövlət qeydiyyatından keçmiş, mülkiyyətində cavabdeh olduğu əmlakı olan və müstəqil balansı olan bir qurumdur. O, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı, yaxud cavabdeh ola bilər.
Hüquqi şəxslər
- fiziki və ya hüquqi şəxs, həmçinin onların toplusu tərəfindən yaradıla bilər
- üzvlüyə əsaslana bilər və üzvlərin olmasından asılı ola və ya olmaya bilər
- sahibkarlıq ilə məşğul ola və ya olmaya bilər.
Hansı qurumlar hüquqi şəxs ola bilər?
Fəaliyyət məqsədinə görə aşağıda qeyd olunan qurumlar hüquqi şəxs ola bilər:
- Əsas məqsədi mənfəət götürmək olan qurumlar – kommersiya hüquqi şəxsləri
- Əsas məqsədi mənfəət götürmək olmayan və götürülən mənfəəti bölüşdürməyən qurumlar – qeyri-kommersiya hüquqi şəxsləri
- Ümumdövlət və ictimai əhəmiyyətli fəaliyyəti olan qurumlar – publik hüquqi şəxslər
Necə hüquqi şəxs yaratmaq olar?
Hüquqi şəxs təsis edilməsi və nizamnaməsinin hazırlanması ilə yaradılır. Hüquqi şəxs bir neçə təsisçinin iştirakı ilə yaradıldığı halda onlar arasında müqavilə bağlanılır. Müqavilədə nizamnamə, fəaliyyət qaydası, təsisçilərin əmlakının hüquqi şəxsə verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtləri qeyd olunur.
Qeyd edək ki, nizamnamə hüquqi şəxsin təsis sənədi hesab olunur. Hüquqi şəxsin fəaliyyətinin idarə edilməsi həmin sənədə əsasən təyin olunur. Eyni zamanda hüquqi şəxsin adı, olduğu yer, habelə onun ləğvi qaydası da nizamnamədə göstərilir.
Hüquqi şəxs icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidir. Dövlət qeydiyyatının məlumatları, o cümlədən firma adı hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.