Hüquqi şəxsin ləğv edilməsi
Hüquqi şəxsin ləğvi iştirakçıların iştirak paylarının təqdim edilməsi sayılmır.
Hər hansı hüquqi şəxs ləğv edilirsə, hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilidiyi halda və ləğv etmədən əvvəl hüquqi şəxsdə iştirak payının 100 faizi iştirakçıya məxsus olduğu halda:
- aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən bu aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi deyildir;
- iştirakçıya verilən aktivlərin dəyəri həmin hüquqi şəxs üçün aktivlər verilənə qədər olan dəyərə bərabərdir;
- qanunvericiliyə uyğun olaraq, aktivlərin bölüşdürülməsi dividend sayılmır;
- ləğv edilən hüquqi şəxsdə iştirak payının ləğv edilməsi halında gəlir və zərər nəzərə alınmır;
- hər hansı kateqoriyaya daxil olan əsas vəsaitlərin balans dəyəri bu vəsaitləri alan şəxsə keçir.
Bu müddəalar yalnız vergi orqanı tərəfindən ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı təsdiq edildiyi halda tətbiq edilir.
Hüquqi şəxsin yaranması
Aşağıda qeyd olunan hallarda aktivlərin verilməsi vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:
- aktivlər şəxs və ya şəxslər qrupu tərəfindən hər hansı hüquqi şəxsə hüquqi şəxsdə iştirak payı əvəzinə verilirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);
- mübadilədən sonra şəxs və ya şəxslər qrupu hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.
Bu müddəalar şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir. Bu zaman aktivin balans dəyəri onu alan şəxsə keçir.
Mübadilə zamanı alınan iştirak payının dəyəri verilən borc çıxılmaqla verilən aktivlərin dəyərinə bərabərdir.
Götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən çox olarsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.
Hüquqi şəxsin yenidən təşkili
Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus iştirak paylarının və əmlakın dəyəri bu iştirak paylarının və əmlakın yenidəntəşkildən əvvəlki dəyərinə bərabərdir. Əsas vəsaitlərin amortizasiya kateqoriyasına aid balans dəyəri bu vəsaitləri alan şəxsə keçir.
Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxslər arasında iştirak paylarının və əmlakın verilməsinə əmlakın vergiyə cəlb olunan özgəninkiləşdirilməsi kimi baxılmır.
Yenidəntəşkilin iştirakçısı olan rezident hüquqi şəxsin özünə məxsus iştirak paylarının iştirakçı olan digər rezident hüquqi şəxsdəki iştirak payları ilə mübadiləsi iştirak payının vergiyə cəlb olunan özgəninkiləşdirilməsi hesab edilmir. Bu halda mübadilə edilən payların dəyəri ilkin payların dəyərinə bərabərdir.
Yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsin iştirak paylarının digər hüquqi şəxsdəki iştirak payının dəyişməsi ilə bağlı bölüşdürülməsi iştirakçı tərəflər üçün dividend sayılmır. İlk iştirak paylarının dəyəri bölüşdürmədən sonra ilk və bölüşdürülmüş paylar arasında onların bazar dəyərinə mütənasib bölüşdürülür.
Hüquqi şəxsin yenidən təşkil olunması halları:
- iki və daha çox rezident hüquqi şəxsin birləşməsi;
- rezident hüquqi şəxsin iki və daha çox rezident hüquqi şəxsə ayrılması;
- rezident hüquqi şəxsin səsvermə hüquqlu paylarının 50 % və ya daha çoxunun və digər iştirak paylarının dəyərinin 50 % və ya daha çoxunun yalnız yenidəntəşkilin iştirakçısı olan tərəfin iştirak payları ilə dəyişdirilməsi;
- rezident hüquqi şəxsin aktivlərinin 50 % və ya daha çoxunun digər rezident hüquqi şəxs tərəfindən, yalnız yenidəntəşkildə iştirakçı olan tərəfin dividendlərinə münasibətdə imtiyazlı olmayıb səsvermə hüququ olan paylara dəyişdirilməsi üçün əldə edilməsi;
- ayırma ilə yeni şəxs yaradılması;
- müəssisədə iştirak paylarının azı 50 % sahibi olan hüquqi şəxsin öz paylarının hamısını hüquqi şəxsin iştirakçıları arasında paylaması deməkdir.
Bu müddəalar o zaman tətbiq olunur ki, vergi orqanı tərəfindən birləşmənin, birləşdirmənin, əldəetmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı təsdiq edilmiş olsun.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Vergi ödəyicisinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları