Kameral vergi yoxlaması nədir? Bu yazımızda səyyar və kameral vergi yoxlamaları barədə danışacağıq.
Vergi orqanları müxtəlif metodlardan istifadə edərək vergi yoxlamaları aparır. Vergi nəzarətinin əsas istiqaməti vergi bəyannamələrinin doldurulmasının düzgünlüyünün yoxlanılmasıdır. Vergi yoxlamaları zamanı borc və ya artıq ödəmə faktlarının müəyyənləşdirilməsi məqsədilə keçmiş və cari hesabatlardakı məlumatlar yoxlanılır. Kameral vergi yoxlaması və səyyar vergi yoxlaması vardır.
Kameral və səyyar vergi yoxlamaları nədir?
Səyyar vergi yoxlaması zamanı vergi orqanları vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkanda vergi yoxlamasını həyata keçirir. Kameral vergi yoxlaması isə vergi orqanları tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən aparılan vergi yoxlamasıdır.
İstər kommersiya, istər sənaye, istərsə də peşəkar fəaliyyətlə məşğul olan təşkilat və ya sahibkarlıq subyekti, yəni hər hansı biznesi olan fərdi sahibkar və ya hüquqi şəxs vergi növləri üzrə öhdəlikləri, verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri haqqında olan qaydalara əməl edərək bəyannamələri, hesabatları və digər sənədləri Dövlət Vergi Xidmətinə təqdim etməlidir. Bunu da qeyd edək ki, müddətlərin gecikməsi halları maliyyə sanksiyalarına və inzibati cərimələrə səbəb ola bilər. Təqdim edilmiş bəyannamələr, sənədlər və hesabatlar əsasında fərdi sahibkar və hüquqi şəxslər səyyar və kameral vergi yoxlamaları ilə qaşılaşa bilər.
Kameral vergi yoxlaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37-ci maddəsində göstərilən hüquqi əsaslarla həyata keçirilir.
Əgər yoxlama zamanı hər hansı uyğunsuzluq aşkar edilərsə bu zaman vergi ödəyicisi bildiriş – kameral məktub alır.
Kameral vergi yoxlaması necə həyata keçirilir?
Vergi orqanı tərəfindən yoxlama prosesi vergi ödəyicisini qabaqcadan xəbardar etmədən aparılır.
Kameral vergi yoxlamasının müddəti vergi bəyannaməsinin, həmçinin cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edilməsindən 60 gün ərzində müəyyənləşdirilir. Digər vergi bəyannamələri, həmçinin cari vergi ödəmələrinin hesablanması haqqında arayışların kameral yoxlaması isə 30 iş günü müddətində həyata keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin məsul orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması məlumatlar daxil olduğu gündən etibarən 90 iş günü müddətində həyata keçirilir.
Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü ərzində bildiriş- kameral vergi məktubu göndərilir. Kameral vergi məktubunda dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə məlumat qeyd olunur.
Kameral vergi yoxlaması aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında hər hansı uyğunsuzluq və ya səhv müəyyən edilərsə, vergi orqanının vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb etmək hüququ vardır.
Kameral yoxlama sonunda vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması, yəni vergi məbləğinin olduğundan çox və ya az göstərilməsi aşkar edilərsə, vergi ödəyicisinə 5 iş günü ərzində icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair müvafiq qərar göndərilir. Vergi orqanının bu qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ da qeyd olunur.
Əgər kameral yoxlama aparmaq üçün vergi ödəyicisi vergi bəyannaməsini, sənədləri və məlumatları üzrlü əsas olmadan təqdim etməzsə, vergi orqanının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergiləri hesablamaq hüququ vardır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.