Məzuniyyət haqqı nədir və necə hesablanmalıdır? Qanunvericilik bu barədə hansı hüquqları bizə təqdim edir? Bu yazımızda bu barədə detallı məlumat verməyə çalışacağıq.
Əmək müqaviləsinin tərəflərindən biri kimi hər bir işçinin peşəsindən, vəzifəsindən, əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətin müxtəlif növlərindən (əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət) istifadə etmək hüququ vardır və bu heç bir halda məhdudlaşdırıla bilməz. Bu məzuniyyət növləri arasında hamımızın ən çox maraqlandığı və dörd gözlə gözlədiyi, bütün tətil və istirahət planımızın asılı olduğu məzuniyyət növü məhz əmək məzuniyyətidir.
Hər il müvafiq iş ili üçün əmək məzuniyyəti təyin edilir. Bir iş ili işçinin işə götürüldüyü gündən etibarən başlamış sayılır və növbəti ilin həmin günü başa çatmış hesab olunur və bir iş ilinə görə yalnız bir dəfə əmək məzuniyyəti verilə bilər.
Əmək məzuniyyətinin müddəti necə tənzimlənir?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin XVII Fəsil, 114-cü maddəsinin 2-ci bəndinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.
AR Əmək Məcəlləsinə görə aşağıdakı fəaliyyət sahələrində çalışan işçilər 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyətdən istifadə etmək hüququna malikdirlər;
- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər;
- məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçuları, müəssisənin rəhbər işçiləri və mütəxəssisləri;
- xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri;
- tədris müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərlər;
- elmi dərəcəsi olmayan elmi işçilər;
- həkimlər, orta tibb işçiləri və əczaçılar.
Natamam iş vaxtı (natamam iş həftəsi və ya natamam iş günü) şəraitində işləyən işçilərin əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.
Mövsümi işlərdə fəaliyyət göstərən işçilər üçün nəzərdə tutulan əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayı üçün iki təqvim günündən az olmayaraq verilir. Əgər iş günü hesab edilməyən bayram günləri əmək məzuniyyəti dövrünə təsadüf edərsə, bu zaman həmin günlər məzuniyyətin təqvim günlərində hesab edilmir və ödənilmir.
İşçi birinci iş ili üçün iş yerində əmək müqaviləsinin bağlandığı andan etibarən ən az 6 ay işləmişsə bu zaman onun ödənişli əsas əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.
Bəs əmək məzuniyyəti necə hesablanır?
Bunun üçün ilk öncə məzuniyyət vaxtı üçün ödənilən orta aylıq əmək haqqını hesablamaq lazımdır. Orta aylıq əmək haqqını məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əmək haqqlarının ədədi ortasını hesablamaqla tapmaq mümkündür. Yəni 12 təqvim ayının əmək haqqı toplanaraq ayların sayına bölünməlidir. Alnan məbləğ isə ayın təqvim günlərinin orta illik miqdarına, yəni 30, 4-ə bölünərək bir günlük əmək haqqı müəyyənləşdirilir. Daha sonra həmin məbləğ məzuniyyət günlərinin sayına vurulur. Əgər işçi 12 aydan az işləmişsə, bu zaman məzuniyyət haqqı faktiki olaraq işlədiyi müddətə əsasən təyin edilərək hesablanır.
Belə bir nümunə üzərində izah edək:
Arzuladığınız əmək haqqı | 1600 | 1600 | 1700 | 1700 | 1800 | 1800 | 1800 |
Tarix
|
Sentyabr
2023 |
Oktyabr
2023 |
Noyabr
2023 |
Dekabr
2023 |
Yanvar
2024 |
Fevral
2024 |
Mart
2024 |
7 ay ərzində toplam əmək haqqı = 12000
Orta aylıq əmək haqqı = 1200/7=1714.28
Bir günlük əmək haqqı = 1714.28/30.4=56.39
Məzuniyyət haqqı= 56.39×21=1184.21
Məzuniyyət vaxtı üçün müəyyən edilmiş orta əmək haqqı işçiyə məzuniyyətin başlamasına ən gec 3 gün qalmış ödənilməlidir.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.