Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin fəaliyyəti (aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri) barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsidir. Həmçinin maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Ən sadə dillə desək, mühasibat uçotunu subyektlərin fəaliyyəti haqda məlumat bazası kimi başa düşmək olar. Belə ki, mühasibat uçotu məlumatlarından hər bir təsərrüfat subyektinin fəaliyyətini araşdırmaq və ondan əldə edilən nəticələri hərtərəfli analiz etmək, onları müxtəlif istiqamətlərdə öyrənmək və qərarlar vermək üçün istifadə edilir.
İri, orta və kiçik sahibkarlıq subyektlərinin mühasibat uçotu necə aparılır və maliyyə hesabatlarının tərtib edilməsi necə tənzimlənir?
Kiçik, orta və iri sahibkarlıq subyektləri öz maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib etməli və icra hakimiyyəti orqanının təsdiqlədiyi uçot qaydalarına uyğun aparmalıdırlar. Bu da mümkündür ki, öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını standartlara uyğun şəkildə tərtib etmək hüquqlarından istifadə etsinlər. Bu halda mühasibat uçotunu qanunla müəyyən edilmiş uçot qaydalarına uyğun aparmalıdırlar.
Qeyd: Mühasibat uçotu və hesabatların tərtib edilməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində göstərilən qaydalara uyğun olaraq aparılmalıdır. Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun müvafiq standart və qaydalara uyğun aparılması məcburidir.
Eyni zamanda qeyd edək ki, bir və ya bir neçə törəmə cəmiyyətlərə malik olan kiçik, orta və iri sahibkarlıq subyektləri aşağıda göstərilən şərtləri yerinə yetirdikləri halda birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməmək hüququna malikdirlər:
- qurum törəmə cəmiyyət olduqda və onun səs vermə hüququ olmayanlar da daxil olmaqla bütün mülkiyyətçiləri (səhmdarları, iştirakçıları) birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməməsi üzrə ümumi razılığa gəldikləri halda;
- qiymətli kağızları açıq şəkildə satılmadığı halda;
- qurum açıq bazara qiymətli kağızları buraxmadığı halda;
- qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, yaxud Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarınauyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericiliyin tələblərinə uyğun olaraq dərc etdirdiyi halda.
Kiçik, orta və iri sahibkarlıq subyektləri, öz seçimlərinə görə, növbəti il üçün illik maliyyə hesabatlarını tərtib etmək qərarını uçot siyasətində əks etdirməklə cari ilin dekabr ayının 31-dək qəbul edir.
Mühasibat uçotu məlumatlarının məxfiliyi necə təmin olunur?
Mühasibat uçotu sənədlərində kommersiya sirri olan məlumat varsa, bu məlumatların açıqlanması “Kommersiya sirri haqqında” AR-nın qanunvericiliyinə uyğun həyata keçirilir.
Qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət orqanları mühasibat uçotunda istifadə olunan bütün sənədlərlə tanış ola bilər.
Həmçinin də audit yoxlamasına cəlb olunmuş auditor qanunvericiliklə müəyyən edilmiş qaydada bütün mühasibat uçotu sənədləri ilə tanış ola bilər.
Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə kimlər və necə məsuliyyət daşıyır?
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, dərc edilməsi, təqdim olunması, sənədlərin saxlanılması ilə bağlı qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Mühasibat uçotunun aparılmamasına görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib, həmçinin mühasibat uçotu xidmətini həyata keçirən sahibkarlıq subyektləri məsuliyyət daşıyırlar.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.