Səyyar vergi yoxlaması zamanı və operativ vergi nəzarəti keçirildiyi zaman sənədlərin və nümunə kimi əşyaların götürülməsinə icazə verilir.
Səyyar vergi yoxlaması keçirildiyi zaman yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunarsa, həmin sənədlərdə qanunvericiliyinin pozulması halları müəyyən edilərsə və ya bu pozuntular əşyalarla bağlı olarsa, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq təqdim edilən sənədləri və əşyaları nümunə kimi götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir.
Hansı məqsədlər üçün nümunə əşyaların götürülməsinə icazə verilir?
Səyyar vergi yoxlaması aparılan zaman aşağıdakı məqsədlər üçün nümunə kimi əşyalar götürülür:
- gəlirdən çıxılan xərclər olaraq qeyd olunan malların (xidmətlərin, işlərin) dəyərinin onların qeyd olunan göstəricilərinə uyğunluğunun yoxlanılması məqsədilə (fiziki və keyfiyyət göstəriciləri, mənşəyi, növüvə digər göstəriciləri);
- malların (xidmətlərin, işlərin) təqdim olunmasından əldə edilən və uçota alınan gəlirin həmin malların (işlərin, xidmətlərin) fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəricilərinə uyğunluğunun yoxlanılması;
- malların (xidmətlərin, işlərin) bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə;
- vergi qanunvericiliyinin pozulmasının, həmçinin
- saxta aksiz markası ilə markalanmış və ya aksiz markası ilə markalanmamış,
- saxta məcburi nişanlama ilə nişanlanmış və ya məcburi nişanlama ilə nişanlanmamış malların,
- markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyatın (elektron və kağız daşıyıcılarında), audio və videomaterialların, məlumat və malların və dini məzmunlu digər məlumat materiallarının saxlanılmasının, idxal olunmasının və satışının sübut edilməsi məqsədilə;
- vergi qanunvericiliyinin pozulmasının sübutu məqsədilə digər hallarda.
Səyyar vergi yoxlaması keçirildiyi zaman yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi (əşyaların nümunə kimi götürülməsinə qanunvericiliklə müəyyən edilmiş hallarda və məqsədlərlə) həmin gün vergi orqanının rəhbərinə və ya onun müavininə əşyaların nümunə kimi götürülməsinin əsaslandırılması şərtilə yazılı məlumat verməlidir. Məlumat daxil olduqdan sonra bu məlumat vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və uyğun qərar qəbul edilir. Qərarın forması icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq vergi orqanının vəzifəli şəxsi tərəfindən qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Əşyaların nümunə kimi götürülməsinin həcmi, miqdarı və götürülmə ilə bağlı digər şərtlər AR ərazisində qüvvədə olan standartlara və normativlərə əsaslanır. Nümunə kimi götürülmüş əşyalar, tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla 30 gündən artıq olmayan müddətə götürülə bilər.
Nümunə kimi götürülmüş əşyalar:
- istehlak xassələrini itirmədiyi halda, vergi ödəyicisinə qaytarılır;
- istehlak xassələrini itirdikdə dəyəri vergi orqanı tərəfindən ödənilir.
Sənədlər və nümunə əşyaların götürülməsi hansı proseslərə əsaslanır?
- Vergi ödəyicisi tərəfindən sənədlərin təsdiq olunmuş surətləri götürülür.
- Sənədlər və nümunə kimi əşyaların götürülməsi vergi ödəyicisinin iş vaxtı ərzində baş verir.
- Səyyar vergi yoxlaması zamanı zəruri olmayan digər sənədlərin və əşyaların götürülməsi qadağandır.
- Sənədlərin və nümunə əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və ya onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda bu prosesdə iştirak etmək üçün mütəxəssis də dəvət oluna bilər.
- Vergi orqanının vəzifəli şəxsi proses baş tutana qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir. İştirakçı şəxslərə onların vəzifə və hüquqlarını izah edir.
- Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə protokol tərtib edilir. (Vergi Məcəlləsi 48-ci maddə)
- Protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir.
- Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.