Tender bir işin və ya xidmətin ən uyğun və aşağı qiymətlərlə həyata keçirilməsi üçün bu xidməti təklif edən bir neçə iddiaçı arasında təşkil olunan müsabiqədir. Tender həmçinin rəqiblərin təklif etdiyi qiymətə görə istehsalçıların öz əmtəəsinə təklif etdiyi qiymət kimi başa düşülə bilər. Tender daha çox yüksək məbləğli malların alınması zamanı tətbiq edilən satınalma növlərindən biridir. Onun predmeti isə lahiyələşdirmə, nəqliyyat daşımaları, bərpa, faydalı qazıntı yataqlarının işlənməsi, təbiətin mühafizəsi, icarə, tikinti, təmir və digər məsələlərlə bağlı müxtəlif xidmətlər ola bilər.
Satınalmaların hazırlanması mərhələləri
Satınalan təşkilat tərəfindən tenderlər aşkarlıq, bərabərlik, şəffaflıq və rəqabətlilik prinsipləri əsasında təşkil olunmalıdır.
Satınalmaların hazırlanması üçün qeyd olunan mərhələlər aşağıdakılardır:
- Satınalan təşkilat tərəfindən tender komissiyası formalaşdırılır;
- Tenderin əsas şərtlər toplusu hazırlanır;
- Tender elanının dərc olunması və podratçılara tenderdə iştirak üçün fərdi dəvət göndərilir.
Tender komissiyasının formalaşdırılması
Tender komissiyası satınalan təşkilatın mütəxəssislərindən və ya əlaqədar təşkilatın nümayəndələrindən formalaşdırılan qrupdur. Komissiyanın tərkibi ən az 5 nəfərdən (tək sayda) ibarət olmalıdır. Komissiyanın tərkibi təşkilatın rəhbəri tərəfindən təsdiq edilir. Komissiyaya əsas şərtlər toplusunun hazırlanması, qiymətləndirilməsi və bu kimi səbəblər üçün ekspertlər də cəlb oluna bilər. Həmçinin, komissiyanın tərkibinə icra hakimiyyətinin nümayəndələri də daxil ola bilər. Bu o zaman olur ki, tender predmetinin qiyməti 5 milyard manat, əgər büdcədən maliyyələşdirilən təşkilatdırsa 1,5 milyard manatdan çox olsun.
Tenderin əsas şərtlər toplusu
Tenderin əsas şərtlər toplusunda aşağıdakı məlumatlar göstərilir:
- tender təkliflərinin hazırlanmasına dair təlimatlar;
- malgöndərənlərin ixtisas göstəricilərinin uyğun qiymətləndirilməsi, onları təsdiq edən sənədlərə dair tələblər, həmçinin təkrar təsdiqinin prosedurları və meyarları;
- malların zəruri texniki və keyfiyyət xüsusiyyətləri, planlar, eskiz və çertyojlar, malın miqdarı, əlavə xidmətlər, malların göndərilməsinin müddəti və yeri;
- qalib gələn tender təklifinin müəyyən edilməsi üçün təyin edilmiş meyarlar;
- tender predmetinin iddiaçılar arasında bölünməsi şərtləri;
- tərəflərin imzalayacaqları müqavilənin forması və satınalma müqaviləsinin şərtləri;
- tender təklifinin qiymətinin hesablanmalı olduğu valyuta;
- tender təklifləri verilməsinin qaydası, son müddəti və yeri;
- tender təkliflərinin hazırlandığı dil;
- tender təklifləri zərflərinin açılması günü, yeri və saatı;
- tender təkliflərinin hansı müddətə qüvvədə olması;
- dövlət satınalmalarına dair normativ hüquqi aktlara istinadlar;
- digər
Tender elanının məzmunu
Tender elanı və ya dəvəti vacib mərhələdir. Elanda aşağıdakı məlumatlar göstərilir:
- satınalmanı keçirən haqqında məlumat;
- satınalmanın başlanması vaxtı və yeri;
- satınalma müqaviləsi ilə əlaqədar rüsumlar, vergi və güzəştlər;
- satınalmada iştirak üçün sənədlər;
- əlavə məlumat üçün əlaqələndirici şəxsin telefonu və faks nömrəsi;
- tender təklifinin təminatı şərtləri;
- göndəriləcək malların adı, çatdırılacağı yer, miqdarı, görüləcək işlərin xüsusiyyəti, göstəriləcək xidmətlərin yeri və xidmətin təsviri;
- malların göndərilməsinin və işlərin başa çatdırılmasının müddətləri və ya xidmət göstərilməsinin qrafiki;
- iştirak haqqının məbləği və ödənilməsi qaydası;
Linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Podratçıların tenderə təqdim etdiyi sənədlər
Tenderdə iddiaçı kimi iştirak etmək istəyən podratçı satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiqləyən sənəd;
- tender təklifi;
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
- malgöndərənin tam adı və hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin ehtiyac olduğu halda ixtisas göstəricilərinə dair məlumat;
- malgöndərənin son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Malgöndərən öz təklifini hazırlayaraq prosedurun başlanmasına ən azı bir iş günü qalmış tender keçirənə təqdim etməlidir. Gec təqdim olunmuş tender təklifi açılmadan geri qaytarılır .
Tender təklifindən başqa digər sənədlər satınalan təşkilata prosedurunun başlanmasına azı 7 iş günü qalmış təqdim olunmalıdır. Əgər sənədlərdə hər hansı çatışmazlıq olarsa təqdim olunduqdan ən çoxu 2 bank günü sonra podratçıya həmin sənədi hazırlamaq, yaxud bu sənədlərdə dəyişiklik aparmaq təklif edilir. Bu halda bütün sənədlər prosedurunun başlanmasına ən az 3 bank günü qalmış satınalan təşkilata təqdim olunmalıdır.
Əgər sənədlər düzgün tərtib olunub və vaxtında təqdim edilərsə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınır.
Tender təkliflərinin təqdim olunması
Fiziki və ya hüquqi şəxs hər predmet üzrə bir iddiaçı qismində iştirak edə bilər və iddiaçı kimi yalnız bir təklif verə bilər.
Tender təklifləri verilməsinin vaxtı, son tarixi və yeri tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilir.
İddiaçı tərəfindən imzalanmış və möhürlənmiş tender təklifi ikiqat zərfə qoyulur. Hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanır və möhürlənərək satınalan təşkilatla təqdim olunur.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Vergi bəyannamələri üçün müəyyən olunan müddət necədir?