Vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı müddət AR Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Məcəlləsinin və “Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması şərtləri və qaydaları”nın tələblərinə riayət edilməklə uzadılır.
Vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı müddətin dəyişdirilməsi halları
Bu müddətin AR Vergi Məcəlləsi ilə müəyyənləşdirilən müddətdən daha gec müddətə dəyişdirilməsi aşağıda qeyd olunan hallarda mümkündür:
Təbii fəlakət və ya hər hansı qarşısıalınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə. Bu halda ödəmə müddəti uzadılmış məbləğdə uzadılan müddət ərzində faiz hesablanmır.
Bu zaman vergi ödəyicisi aşağıdakı sənədləri təqdim etməlidir:
- müddətin uzadılması haqda əsaslandırılmış müraciət;
- hadisənin baş verməsi haqda müvafiq orqanın arayışı;
- hadisə nəticəsində dəymiş zərərin məbləği ilə bağlı müvafiq orqanın arayışı.
Vergi ödəyicisinin vergini birdəfəyə ödədiyi halda iflasa uğramaq təhlükəsi yarandıqda. Bu halda, uzadılan müddət ərzində ödəmə müddəti uzadılan məbləğə hər gün üçün 0,01 faiz miqdarında faiz tutulur.
Bu zaman vergi ödəyicisi aşağıdakı sənədləri təqdim etməlidir:
- müddətinin uzadılması haqda əsaslandırılmış müraciət;
- müraciət tarixinə vergi ödəyicisinin kassasında, valyuta, hesablaşma, depozit və digər hesablarında vəsaitlərin qalığı haqda müvafiq orqanların arayışı;
- kreditorların və debitorların adı və VÖEN-i qeyd edilməklə kreditor və debitor borcları haqda arayış.
Qeyd olunan əsaslar olduqda bu müddətin vergi ili ərzində 1 aydan 9 ayadək uzadılması mümkündür.
Vergi qanunvericiliyinin pozulması ilə bağlı vergi ödəyicisi barədə cinayət işi qaldırıldığı zaman vergi öhdəliyinin yerinə yetirilməsi vaxtının uzadılması yolverilməzdir.
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması prosesi
Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən müvafiq zəmanət və ya girovun olduğunu təsdiqləyən sənədlər vergi orqanına təqdim edilməlidir. Müraciət vergi növü üzrə onların hesabat dövrü üçün qanunvericilikdə göstərilən ödəmə müddətinə qədər təqdim olunmalıdır.
30 gün müddətində vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciətinə baxılır. Müraciət əsaslandırılmış hesab edildikdə, AR Vergi Məcəlləsinə və bu Qaydalara uyğun olaraq vergi öhdəliklərinin yerinə yetirilməsi müddətinin uzadılması barədə AR Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun qərar qəbul edilir.
Müraciət etmiş vergi ödəyicisi bu öhdəliyin yerinə yetirilməsi üçün girov verdiyi zaman vergi ödəyicisi ilə vergi orqanı arasında girov müqaviləsi imzalanır. Girov münasibətləri “Girov haqqında” AR qanununa uyğun olaraq tənzimlənir.
Girov qoyulmuş əmlakın dəyərinin müəyyən edilməsi ehtiyacı yarandıqda bu dəyər “Qiymətləndirmə fəaliyyəti haqqında” AR qanununa uyğun olaraq müəyyən edilir.
Girov müqaviləsinin etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı xərcləri vergi ödəyicisi tərəfindən ödənilir.
Müddətin uzadılması haqqında qərarda ödəmə müddəti uzadılan verginin növü, vergi üzrə borcun ödənilmə müddəti, məbləği, ödənilmə qaydası, hesablanan faizlər, həmçinin zəmanət və ya girov haqqında qeydlər edilməlidir. Müddətinin uzadılması barədə qərar qərarda qeyd olunan müddətdə qüvvəyə minir.
Vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi halları
Vergi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı uzadılmış müddətə aşağıda qeyd olunan hallarda vaxtından əvvəl xitam verilə bilər:
- vergi ödəyicisi vergi öhdəliyini vaxtından əvvəl yerinə yetirdikdə;
- vergi ödəyicisi haqqında vergi qanunvericiliyinin pozulması ilə əlaqədar cinayət işi qaldırıldıqda;
- vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı qərarın şərtlərinə əməl edilmədikdə.
Vergi ödəyicisi haqqında vergi qanunvericiliyinin pozulması ilə əlaqədar cinayət işi qaldırıldıqda və vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı qərarın şərtlərinə əməl edilmədikdə uzadılmış müddətə vaxtından əvvəl xitam verilməsi barədə qərar vermiş vergi orqanı 5 gün ərzində vergi ödəyicisinə bu haqda məlumat verməlidir. Vergi ödəyicisi məlumatı aldığı vaxtdan 30 gün ərzində borc məbləğini və həmin məbləğə hesablanmış faizləri ödəməlidir.
Qeyd: Vergi ödəyicisinin vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinin vaxtından əvvəl dayandırılması haqda vergi orqanının, həmçinin onların vəzifəli şəxslərinin hərəkətindən və ya hərəkətsizliyindən şikayət etmək hüququ vardır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası