Vergi ödəyicisinin və vəzifəli şəxsin vergi orqanlarının qərarı və aktlarından, onların vəzifəli şəxslərinin hərəkətləri və hərəkətsizliyindən şikayət etmək hüququ vardır. Bu şikayət qanunda nəzərdə tutulan qaydada yuxarı vəzifəli şəxsə, yuxarı vergi orqanına və ya məhkəməyə verilir.
Şikayət verilməsi qaydası
Şikayətin yuxarı vəzifəli şəxsə, yaxud vergi orqanına verilməsi eyni zamanda və ya sonradan həmin şikayətin məhkəməyə verilməsini də istisna etmir. Şikayət vergi ödəyicisi tərəfindən yuxarı vəzifəli şəxs və ya vergi orqanına hüquqlarının pozulduğunu bildiyi və yaxud bilməli olduğu gündən 3 ay müddətində verilir. Həmin müddət vergi ödəyicisi və ya borclu şəxs tərəfindən üzürlü səbəblərdən buraxılarsa, şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət yuxarı vergi orqanı və onların vəzifəli şəxsi tərəfindən bərpa edilə bilər.
Vergi orqanında şikayətə baxılma
Vergi ödəyicisinin və ya borclu şəxsin vergi orqanının qərarı və aktlarından, həmçinin vergi orqanının vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyindən şikayətinə həmin şikayətin alındığı gündən 30 iş günü müddətində yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən baxılır. Bu barədə şikayət vermiş şəxsə yazılı cavab göndərilir. Şikayət barədə əhəmiyyət kəsb edən halların müəyyən ləşdirilməsi məqsədilə 30 iş günündən daha artıq müddət tələb oluna bilər. Bu halda vergi orqanı tərəfindən şikayətə baxılması müddəti bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin uzadılması ilə bağlı şikayət vermiş şəxsə 3 iş günü müddətində məlumat göndərilir.
Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmaya bilər. Bu zaman verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər.
Şikayətə baxılan müddət ərzində vergi ödəyicisinin maliyyə sanksiyasını ödəməmək hüququ vardır.
Vergi ödəyicisi və ya borclu şəxs tərəfindən vergi orqanına və ya vəzifəli şəxsinə verilən şikayət, vergi ödəyicisinin ona hesablanmış vergi məbləği ilə razı olmadığı hallar istisna olunmaqla, şikayət edilən hərəkətin və ya qərarın icrasını dayandırmır.
Şikayət edilən hərəkət və ya qərar qanunvericiliyə uyğun olmadığı halda, şikayətə baxan vergi orqanı və ya vəzifəli şəxsi onun icrasını qismən, yaxud tam dayandırır. Qərarın icrasını qismən,yaxud tam dayandırmaq haqda qərarı həmin aktı qəbul etmiş vergi orqanı və ya vergi orqanının rəhbəri qəbul edir.
Hesablanmasından və ya tətbiq edilməsindən şikayət edilən faizlərin, verginin və ya maliyyə sanksiyasının məbləği tətbiq edilməyə uyğun şəkildə ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində faizlər, vergi və ya maliyyə sanksiyası qismən, yaxud tamamilə ləğv edilərsə, vergi ödəyicisinin aşağıda qeyd olunanlara hüququ vardır:
- həmin məbləğlərdən faizlər almaq;
- vergilər üzrə borclar olmadıqda, vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilir. (vergi orqanları tərəfindən düzgün tutulmayan faiz, vergi, maliyyə sanksiyaları və ya inzibati cərimələrin məbləğləri)
Məhkəməyə verilmiş şikayətlərə baxılma
Vergi orqanlarının qərarı və aktları, vergi orqanının vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı məhkəməyə verilmiş iddia ərizələrinə və şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq baxılır.
Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.
HƏMÇİNİN BAX: Kommersiya və ya vergi sirri